REGİONLAR
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində Mərakeş və İtaliya çəyirtkələrinə qarşı müşahidə və mübarizə tədbirləri görülür.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonları ərazisində 35 min hektar dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb, 8500 hektar sahədə isə sirayətlənmə aşkar edilib. Hazırda, ümumilikdə, 7640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri həyata keçirilir.
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun Şirinqum ərazisindəki dövlət ehtiyat fond torpaqlarında adıçəkilən zərərvericilərə qarşı 875 hektar sahədə mübarizə işləri artıq başa çatdırılıb.
Hacıqabul, Şamaxı və Kürdəmir rayonları ərazisində 760 hektar, Tovuz, Qazax və Ağstafa rayonlarının ərazisində, Ceyrançöl düzündə 3600 hektar sahədə Mərakeş və İtaliya çəyirtkələrinin məhv edilməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir. Mübarizə tədbirləri “Pikap” tipli, ultra kiçikhəcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə aparılır.
Qeyd edək ki, əkin sahələrinin ən başlıca problemlərindən biri çəyirtkələrlə bağlıdır. Bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir.
Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, bir ərazidən başqa əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 kilometrdən, tək uçduqda isə 250 kilometrdən çox məsafə qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın.
Hazırda Dövlət Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir.