CƏMİYYƏT
“Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar işə başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq, aprelin 17-də Bakı şəhərində “Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar işə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, FAO-nun beynəlxalq məsləhətçiləri Aleksandr Laçıninskiy, Nadiya Muratova və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları iştirak edirlər.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb və son illər çəyirtkəkimilərə qarşı görülən aqrotexniki və kimyəvi mübarizə tədbirləri barədə məlumat verib. Camal Quliyev aparılan mübarizə tədbirləri nəticəsində kənd təsərrüfatı bitkilərinin qorunmasında, adıçəkilən zərərvericilərin zərərsizləşdirilməsində və məhv edilməsində əldə edilmiş müsbət nəticələrdən söz açıb və təlimin kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan çəyirtkəkimilərin idarə edilməsində, erkən xəbərdarlıq və çevik müdaxilə proqnozlarının hazırlanmasında önəmli rol oynayacağını qeyd edib.
Azərbaycanın kənd təsərrüfatı sahəsində güclü potensiala malik olduğunu söyləyən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə məlumat verib. Mələk Çakmak bitkilərin zərərvericilərdən qorunmasının vacib olduğunu xüsusi vurğulayıb.
Beynəlxalq məsləhətçi Aleksandr Laçıninskiy iştirakçıları təlimin iş planı ilə tanış edib.
Seminarda nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verilib.
Qeyd edək ki, aprel ayının 22-nə kimi davam edəcək təlim sessiyasında zərərverici əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçiriləcək. Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunacaq. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.