CƏMİYYƏT


Çiçək tozcuğunun tərkibində 27 mikroelement var

Bakı, 12 iyul, AZƏRTAC

Çiçək tozcuğu arıların gizli yığdığı bitki məhsuludur və çiçəyin içərisində olan erkəkcikdə olur. Arılar həmin tozcuqları ayaqlarında olan ciblərə yığaraq yuvaya daşıyırlar. Çiçək tozcuğu arılar üçün güclü qida mənbəyidir. Arılar onunla həm özləri qidalanır, həm də balalarına yedizdirirlər.

“Çiçək tozcuğu çiçəklərin erkəkciyindən olan, tozlanmadan sonra mayalanmada iştirak edən və nəticədə toxum və meyvənin yaranmasına səbəb olan erkək cinsi hüceyrələrdir. Çiçək tozcuğu insan lazım olan bütün vitamin-mineral kompleksini özündə cəmləşdirən unikal qida maddəsidir”, - deyə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov AZƏRTAC-ın müxbiri ilə söhbətində arı məhsullarının ən qiymətli növü haqqında məlumat verib.

Onun dediyinə görə, sağlamlığın və çox yaşamağın sirlərindən biri məhz həmin məhsuldadır. Əbəs yerə deyil ki, qədin Çin şairi Li Yu onu “ölümsüzlüyün sirri” adlandırıb.

M.Hümbətov söhbət zamanı deyib: "Balla müqayisədə arı tozcuğu yüksək keyfiyyətli zülal və doymamış yağ turşuları ilə daha zəngindir. Qida vasitəsilə orqanizmə daxil olan zülallar fermentlərin təsirindən amin turşularına qədər parçalanır və qan vasitəsilə hüceyrələrə çatdırılır, orada yenidən hüceyrələrə lazım olan endemik zülallar yaranır. Orqanizm üçün lazım olan amin turşularının miqdarı tozcuqda ət, pendir və yumurtada olandan 5-7 dəfə çoxdur. Tozcuq hüceyrələrinin tərkibində 400-ə qədər komponent - fermentlər, mikroelementlər, vitaminlər, bitki hormonları və s. var və bunlar orqanizmdə yeni hüceyrələrin yaranması, inkişafı və orada gedən kimyəvi çevrilmələr üçün olduqca vacibdir. Tozcuğun tərkibində 27 cür mikroelement var və onun qəbulunun orqanizmdə interferon ifrazını artırması immunitetin güclənməsinə və onkoloji xəstəliklər riskini minimuma endirməyə səbəb olur.

Tozcuq dənəsi təbii dopinqdir. Moskva Radiologiya İnstitutunun alimləri belə qənaətə gəliblər ki, bir tozcuq dənəsi bioloji tərkibinə və qida dəyərinə görə bir qara kürü dənəsinə bərabərdir. Arıçı alimlərdən biri hesablayıb ki, 41 qram çiçək tozcuğunda olan rutin vitamini bir neçə nəfəri beyin qansızması və infarktdan qoruya bilər. O, enerjini artırır, əhvalı yaxşılaşdırır, zehni itiləşdirir, yorğunluğu aradan qaldırır. Ona görə də çiçək tozcuğu elm adamları, tələbələr, idmançılar və gümrah qocalmaq istəyənlər üçün əvəzsiz qidadır. Çiçək tozu və onun preparatları həzm sisteminə müsbət təsir göstərir, iştahanı artırır, bağırsaqların mikroflorasını bərpa edir, sinir sistemini sakitləşdirir, orqanizmi zəhərli maddələrdən təmizləyir. Onunla həmçinin prostat vəzi xəstəlikləri, adenoma və impotensiyanı da uğurla müalicə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.