SİYASƏT
Çikaqoda keçirilən seminarda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs olunub
Vaşinqton, 9 dekabr, AZƏRTAC
ABŞ-ın aparıcı sənaye və maliyyə mərkəzi olan Çikaqo şəhərində yerləşən İllinoys Beynəlxalq Ticarət Mərkəzində Şimali İllinoys Universitetinin Biznes Kollecinin təşkilatçılığı ilə “Keçmiş Sovet İttifaqı ölkələri: 25 il sonra” mövzusunda seminar keçirilib. Seminarda Çikaqoda fəaliyyət göstərən işgüzar və akademik dairələrin, eləcə də yerli ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Şimali İllinoys Universitetinin professoru Harri Lepinski çıxış edərək Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa etmiş ölkələrin keçdiyi inkişaf yoluna nəzər salıb, həmin ölkələrə münasibətdə ABŞ tərəfindən həyata keçirilən siyasət və mövcud imkanlar barədə danışıb. O, xüsusilə, ölkəmizin regionda ABŞ-ın mühüm tərəfdaşı olduğunu qeyd edib, Azərbaycana məxsus “Silk Way” aviaşirkəti tərəfindən bu ilin sentyabr ayından etibarən Bakı-Çikaqo istiqamətində hava yük daşımalarının həyata keçirməsinin əhəmiyyətini vurğulayıb, bunun ikitərəfli ticarət əlaqələrinin inkişafı baxımından əlamətdar hadisə olduğunu söyləyib.
Seminarda çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov ölkəmizin müstəqilliyinin bərpasından ötən dövrdə qazanılmış nailiyyətlərdən danışıb. O, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat infrastrukturu layihələrindən söhbət açıb. S.İsmayılov son dövrlər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, o cümlədən gömrük və vergi sistemindəki müsbət dəyişikliklər haqqında geniş məlumat verib. Bu xüsusda, dövlətimizin başçısı tərəfindən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, ABŞ ilə ikitərəfli iqtisadi əməkdaşlığa toxunan diplomat bir neçə gün öncə Bakıda Azərbaycan-ABŞ biznes forumunun təşkil edildiyini xatırladıb, onun iş adamları tərəfindən böyük maraqla qarşılandığını bildirib.
Tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və Latviyanın müstəqillik illərində əldə etdiyi uğurlardan da bəhs edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton