CƏMİYYƏT
Çikaqolu neyrocərrah: Vaxtilə Azərbaycan Tibb Universitetinin tələbəsi olduğuma görə qürur duyuram
Bakı, 3 dekabr, AZƏRTAC
Çikaqonun İllinoys Universitetinin sağlamlıq üzrə inkişaf prorektoru Robert Barişin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə görüşüb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda Tibb Universiteti nəinki ölkəmizdə, ümumiyyətlə regionda ali tibb təhsili verən ən güclü müəssisələrdən biridir. Rektor vurğulayıb ki, ATU yalnız ali məktəb deyil, həm də güclü elm ocağı və müalicə mərkəzi kimi fəaliyyət göstərir. Belə ki, universitetin nəzdində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dörd müasir klinika fəaliyyət göstərir.
Robert Bariş İllinoys Universitetinin Çikaqonun ən böyük ali məktəbi olduğunu deyib. Qonaq universitetdə hər il 28 min nəfərin təhsil aldığını bildirib. Qeyd edib ki, elmi araşdırmalara ayrılan vəsait baxımından İllinoys Universiteti ABŞ üzrə ilk 50 yerə daxildir. İllinoys Universiteti 3 tibbi kollecin əsasında yaradılıb.
İllinoys Universitetinin oftalmologiya fakültəsinin dekanı, professor Mark Rosenblatt da təmsil etdiyi elmi təhsil müəssisəsinin strukturu, fəaliyyəti, mövcud tədris prosesi və digər məsələlər haqqında geniş məlumat verib. O, ATU-da yaradılan şəraiti bəyəndiyini də söyləyib.
İllinoys Universitetin neyrocərrahiyyə şöbəsinin professoru Konstantin Slavin isə vaxtilə Azərbaycan Tibb Universitetində təhsil aldığını xatırladaraq bundan qürur duyduğunu bildirib. O qeyd edib ki, həmin illər təhsil üçün indiki qədər yaxşı şərait yox idi. Son illər ərzində Azərbaycanda hər sahədə olduğu kimi, səhiyyə və tibb təhsili sahəsində də ciddi uğurlar əldə olunub.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov ali məktəbin dünyanın bir çox nüfuzlu universitetləri ilə əlaqələrindən söz açıb. ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov isə universitetdə aparılan elmi araşdırmalar barədə qonaqlara məlumat verib.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Çikaqonun İllinoys Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə olunub. Gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə, rezident və mütəxəssis mübadiləsinin gerçəkləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin ATU-da aparılan tədris prosesinin strukturunda İllinoys Universitetinin zəngin təcrübəsindən yararlanmağın faydalı olacağı vurğulanıb.