REGİONLAR
Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri cəbhə bölgəsində əhalinin üzləşdiyi çətinliklərlə tanış olub
Tərtər, 30 sentyabr, AZƏRTAC
Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra və senator Xorxe Pişarro Soto cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq üçün Tərtər rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, aprel ayında erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, ikisi məcburi köçkün olmaqla, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib.
Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər. Nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.
Sonra qonaqlar rayon ərazisində yerləşən N saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış evlərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.