SİYASƏT


Çili qəzetlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalələr dərc olunub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə əlaqədar Ermənistanın təşkil etdiyi təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki diplomatik missiyasının təşəbbüs ilə bu ölkənin geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli müvafiq bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” ilə bağlı sentyabrın 15-18-də Xankəndidə beynəlxalq gənclər konfransının və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, bu qondarma rejimin yaradılmasının Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi olduğu bildirilir. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.

Məqalələrdə münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət etdiyi vurğulanır. Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxslər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.