DÜNYA
Çilinin şimalında son 80 ilin ən güclü daşqınları 18 nəfərin həyatına son qoyub
Bakı, 31 mart, AZƏRTAC
Çilidə leysan yağışlar ölkənin şimalında son 80 ilin ən güclü daşqınlarına səbəb olub. İndiyə qədər təbii fəlakət qurbanlarının sayı 18 nəfərə qədər yüksəlib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, daşqınlar nəticəsində itkin düşənlərin sayı da durmadan artmaqdadır. Bu siyahıda artıq 49 nəfərin adı var. Zərərçəkənlərin sayının isə 27 min nəfəri keçdiyi bildirilir.
Məcrasından çıxan çaylar bir çox yaşayış məntəqəsini su altında qoyub. Fəlakət nəticəsində ən çox zərər çəkən ərazilər Antofaqasta, Atakama və Kokimbo administrativ mərkəzləridir. Burada məktəblərdə dərslər təxirə salınıb, şəhərlərdə komendant saatı tətbiq edilib.
Martın 30-da su altında qalan mədəndəki 33 şaxtaçıdan üçünün xilas edildiyi məlum olub. Qeyd edək ki, həmin şaxtaçılar 2010-cu ildə uçqun nəticəsində qəzalı vəziyyətə düşən şaxtada 69 gün qaldıqdan sonra möcüzəvi şəkildə xilas edilmişdilər.