REGİONLAR


Çillə axşamı cənub bölgəsində hər ailədə boranı bişirilir, qarpız kəsilir VİDEO

Lənkəran, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC

Bu gündən Azərbaycanda 40 gün davam edən böyük çillə başlayır.

AZƏRTAC xəbər verir ki, cənub bölgəsində dekabrın 21-i, çillə axşamı özünəməxsus xüsusiyyətləri ilə bayram kimi qeyd olunur.

“Çillə” “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında “ağırlıq, dərd, kəramət, xəstəlik” mənalarında işlənsə də, insanlar bu axşamı bayram kimi keçirməklə qışdan, xəstəlikdən qorxmadıqlarını ifadə edirlər.

Rayon sakini Kinəvəs Fərəcova çillə axşamının adət-ənənələrindən danışarkən deyib: “Cənub bölgəsində, xüsusən də Lənkəranda çillə axşamı hər ailədə boranı bişirilir, qarpız kəsilir. Qarpız kəsiləndə qışı dərdsiz, bəlasız başa vurmaq üçün “ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim” deyirlər. Nənələrimizdən eşitmişik ki, qarpız soyuğun, qışın, boranı isə günəşin, rəmzidir. Ona görə də hər il çillə axşamı boranı bişiririk. Bütün ailə üzvləri boranıdan bişirilən xörəkdən dadır. Boranı, həm də soyuqdəymənin dərmanıdır”.

Qədim inanclara görə, hər kəs çillə axşamı niyyət edib qarpızdan və ya qaynadılmış boranıdan bir dilim yesə, həm arzusuna çatar, həm də növbəti qışa qədər azar-bezardan uzaq olar.

Niyyətləriniz çin, canınız sağlam, süfrələriniz bol ruzili və bərəkətli olsun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.