REGİONLAR


Çillə mərasimləri min illərdən bəri formalaşmış milli dəyərlərimizin tərkib hissəsinə çevrilib

Naxçıvan, 20 dekabr, AZƏRTAC

Qədim dövrlərdən insanlar təbiət hadisələrini diqqətlə izləyib, bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri ibtidai şəkildə olsa da, özünün ilkin bədii təxəyyülündə obrazlaşdırmağa çalışıb. Zaman keçdikcə müdrikləşən insan təbiət hadisələrinə daha dəqiq qiymət verib. Naxçıvanda hər il dekabrın 20-də qeyd edilən Çillə mərasimləri də min illərdən bəri formalaşmış milli dəyərlərimizin tərkib hissəsinə çevrilib. Bu mərasim min illərdir qədim Naxçıvanda qeyd olunan əlamətdar bayram günləri kimi yaddaşlarda yaşayıb.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov AZƏRTAC-a müsahibəsində deyib ki, xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir.

Çillə bayramı, çillə gecəsi qış başlandığı gün qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında “ağırlıq, dərd, kəramət, xəstəlik” mənalarında da başa düşülür.

Çillə bayramı xüsusi qeyd edilər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülərdi. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayardılar.

Asəf Orucovun sözlərinə görə, çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlarda (Ordubad, Şərur) yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilirdi. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində çillə qarpızı xüsusi yer tutardı.

Bu qarpız, çilə qarpız,

Düşübdür dilə qarpız.

Yığılıb xonçalara

Gedir yargilə qarpız.

Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyarmışlar. Qarpız aparılan bıçaqla kəsilər və sonra yenidən oğlan evinə qaytarılarmış.

Ordubad bölgəsində isə həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkilərmiş.

Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə əsasən, çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə adları “q” hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edir ki, qarpızın qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır. Etnoqrafik materiallara əsasən, xalq təqviminə uyğun olaraq, böyük çillənin birinci ongünlüyü (dekabr ayı) “qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “qarıboğan” adlanır. Böyük çillənin sonlarına isə “qurdun insana yerikliyən dövrü” deyilib. Bu da onunla əlaqədardır ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də “qışın qulun (atın balası) salması” dövrü deyilir.

“Çillə ilə bağlı adətlərdən bəhs edərkən onu da qeyd etməliyik ki, bəzən bu bayram Zərdüştlüklə əlaqələndirilir. Bu, tamamilə yanlış fikirdir. Çillə bayramı xalq təqvimi ilə bağlı keçirilən bayramlardan biridir”, - deyə Asəf Orucov bildirib.

Naxçıvanda qışın bəzəyi sayılan qarın əhali arasında bilinən adları olub. Bunlar quşbaşı, çobanyarması, kəpək, qaryeyən, püsək və sairdən ibarətdir.

Qədim diyarda qışla bağlı təqvim adətləri tarixin ilkin dövrlərində formalaşmaqla bir sıra xüsusiyyətlərinə görə digər türk xalqları ilə ortaq cəhətlərə malikdir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.