İQTİSADİYYAT
“Çilov”da səmt qazının həcminin müəyyən edilməsi üçün instrumental ölçmələr aparılıb
Bakı, 19 aprel, AZƏRTAC
“Çilov” neft-qaz yatağında səmt qazının həcminin müəyyən edilməsi üçün instrumental ölçmələr aparılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Ekologiya İdarəsi tərəfindən Abşeron ərazisində istismarda olan neft-qaz yataqlarında hasil edilən aşağıtəzyiqli səmt qazının idarə olunması məqsədilə mütəmadi olaraq ekoloji monitorinq və instrumental ölçmə işləri həyata keçirilir. Bu işlərin aparılmasında məqsəd səmt qazının dəqiq həcmini müəyyənləşdirmək və təkrar hasilata qaytarılması üçün təkliflər hazırlamaqdır.
Bu günlərdə “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Çilov” neft-qaz yatağında növbəti ekoloji monitorinq işləri aparılıb. Yataqda istismarda olan 35 neft quyusunda ölçmə işləri aparılaraq hazırlanmış hesabat “Azneft” İB-nə təqdim olunub. Həmin quyulardan çıxan səmt qazının yığılaraq nəql boru sisteminə qoşulması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu kimi tədbirlərin həyata keçirilməsi SOCAR-ın ekoloji siyasətinin əsas prioritet sahəsidir. Ekologiya İdarəsi tərəfindən SOCAR-ın digər neft -qaz çıxarma müəssisələrində səmt qazı ilə bağlı ekoloji monitorinq və ölçmə işləri davam etdirilir.
SOCAR 2014-cü ildə Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub. GGFR təşkilatının bu təşəbbüsünə əsasən, 2030-cu ilədək neft şirkətlərinin normal hasilat prosesində hasil olunan səmt qazının yandırılması və atmosferə atılmasının qarşısını almaq hədəf götürülüb.