MƏDƏNİYYƏT
Çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli təqdim olunub
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də “AF-Hotel” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin “Kutvan proje” şirkərti tərəfindən birgə hazırlanmış “Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli” və bu modelin “AF-Hotel”ə uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə yeni modelin çimərlik turizminin inkişafına verəcəyi dəstək müzakirə olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi yollarından danışıb. Bildirdi ki, bu gün ölkəmizdə rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə çimərlik turizminin mövcud vəziyyəti, problemləri və perspektivləri haqqında ətraflı məlumat verdi. Qeyd edib ki, Xəzər dənizinin Azərbaycana düşən hissəsinin 60-70 faizində çimərlik turizminin yaradılması üçün müvafiq şərait mövcuddur.
Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevda Həsənova, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “Kutvan proje” şirkətinin nümayəndəsi Ali Bülənt Kutvan, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı sahəsində atılan addımlardan danışıblar.
Sonda qərara alınıb ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlik və icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın. İşçi qrupu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmizliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükafatlandırılsın, eləcə də çimərliklərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət planı hazırlanması təklif olunacaqdır.
Bildirildi ki, işçi qrupu ölkəmizdə çimərlik turizminin inkişafının təşviqi işinə, sahibkarların bu sahəyə marağının artırılmasına, yeni iş yerlərinin açılmasına yardımçı ola bilər.