İDMAN
Çimərlik futbolu üzrə Rusiya millisi “Bakı-2015”də əzəli rəqibi ilə eyni qrupda mübarizə aparacaq
Bakı, 3 may, AZƏRTAC
İyunun 12-dən 28-dək bütün Avropanın diqqəti Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarına yönələcək. İdmanın 20 növü üzrə keçiriləcək mötəbər turnirin ən maraqla qarşılanacaq yarışlarından biri də çimərlik futbolu olacaq.
AZƏRTAC xəbər verir ki, Rusiya millisi ilk Avropa Oyunlarında mübarizə aparacaq güclü komandalardandır. Komanda yarışın favoritlərindən hesab olunur. 2011-ci və 2013-cü illərdə dünya çempionu adını qazanan komandanı hazırda baş məşqçi Mixail Lixaçeyev çalışdırır.
İlk dəfə 2007-ci ildə Avropa Liqası yarışlarında debüt edən komanda bürünc medal qazanmaqla dünya çempionatına vəsiqə əldə edib. Mundialda ilk dəfə mübarizə aparan rusiyalı futbolçular qrupda üçüncü, ümumi sıralamada isə doqquzuncu olublar. Növbəti il təşkil olunan dünya çempionatında 6-cı yeri tutan komanda təmiz oyuna görə “Fair play” mükafatına layiq görülüb.
2010-cu ildə çimərlik futbolu üzrə Avropa kuboku yarışlarının final mərhələsində Portuqaliyanı 6:4 hesabı ilə məğlub edən Rusiya yığması tarixində ilk dəfə mötəbər turnirin qalibi olub. Komanda bir il sonra isə İtaliyada təşkil olunan dünya çempionatında uğurlu çıxışı ilə diqqəti öz üzərinə cəlb etməyi bacarıb. Mundialın dörddəbir final mərhələsində dünya nəhənglərindən sayılan İspaniyanı məğlub edən Rusiya yığması finalda Braziliya kollektivinə 12:8 hesabı ilə qalib gəlməklə ilk dəfə dünya çempionu adını qazanıb.
2012-ci ilin fevralında Rusiya komandası Moskvada təşkil olunan Avropa kuboku yarışlarında turnirin ikiqat qalibi adına yiyələnib. Bir il sonra Taitidə keçirilən dünya çempionatının finalında əzəli rəqiblər yenidən üz-üzə gəlib. Qızıl medal uğrunda İspaniya millisini 5:1 hesabı ilə məğlub edən Rusiya komandası ikinci dəfə dünya çempionu adını qazanıb.
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Belə ki, “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qarşılaşacaq.