CƏMİYYƏT
Çimərliklərdə xilasetmə işi və insanların təhlükəsizliyinin təmini ilə bağlı bütün tədbirlər görülür
Bakı, 29 iyul, AZƏRTAC
Yay mövsümündə paytaxt sakinlərinin üz tutduqları istirahət məkanlarından biri də çimərliklərdir. Asudə vaxtını dəniz kənarında keçirən insanlar üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Çimərliklərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqələri fəaliyyət göstərir.
Mövsüm başlayandan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin 42 struktur bölməsi gücləndirilmiş iş rejiminə keçib. Çimərliklərdə xilasetmə işi və təhlükəsizliklə bağlı bütün tədbirlər görülür. Ərazilərdə xüsusi lövhələrin quraşdırılması ilə yanaşı, dənizdə dərinliyi göstərən zolaq da çəkilib. Xilasedicilər xüsusilə nəzarət edirlər ki, çimərliyə gələnlər həmin ərazini keçməsinlər.
Çimərliklərdə xilasedicilərin tələblərinə əməl olunması ilə bağlı lövhələr quraşdırılıb. Təhlükəsizliyin təmin olunması məqsədilə suda şarlar quraşdırılıb. İnsanların həmin şarlardan qarşı tərəfə keçmələri qadağan olunur. Xilasedicilər vətəndaşlara yaxınlaşaraq müəyyən məlumatlar verir, qaydanı pozanlara xəbərdarlıq edir, insanların təhlükəsizliyinin keşiyində dayanırlar.
Son günlər havanın hərarətinin yüksəlməsi dəniz kənarında paytaxt sakinləri və əcnəbilərin sayını daha da artırıb. İstirahətə gələnlər çimərliklərdə yaradılan şəraitdən razılıqlarını bildirir, təhlükəsizlik qaydalarına riayət olunmasını vacib hesab edirlər.
FHN-in Dövlət Sularda Xilasetmə Xidməti bu il 152 nəfəri xilas edib. Onlardan 96 nəfəri çimərlik ərazisində, digərləri isə qadağan olunmuş ərazilərdə boğulmaq təhlükəsi ilə üzləşib.