İQTİSADİYYAT


Çimərliklərin inkişafı ilə bağlı yaradılan İşçi qrupu işini davam etdirir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, aidiyyəti mərkəz və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə “Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı” mövzusunda keçirilən müşavirədə əldə olunan razılığa uyğun olaraq çimərlik ərazilərində mövcud vəziyyətinin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.

İşçi qrupu müəyyən olunmuş qrafikə uyğun ilk dəfə Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçirib. Növbəti bir neçə gün ərzində İşçi qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.

Qeyd edək ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanması ilə bağlı İşçi qrupu tərəfindən Hökumətə müvafiq təkliflər təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.