İQTİSADİYYAT
“Çin-Avrasiya” EKSPO sərgisində “Böyük İpək Yolu” beynəlxalq logistika məsələlərinə dair forum keçiriləcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Beşinci “Çin-Avrasiya” EKSPO sərgisində “Böyük İpək Yolu” beynəlxalq logistika məsələlərinə dair forum keçiriləcək. Forumun iştirakçılarından biri Azərbaycandır.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, sentyabrın 20-də Çinin Urumçi şəhərində açılacaq sərgidə 2192 şirkət iştirak edəcək. Onlardan 418-i əcnəbi ölkələrin şirkətləridir. Bu il iştirakçı ölkələrin və regionların sayı 19 faiz artaraq 57-yə çatıb. EKSPO-nun fəxri qonağı olan əsas ölkə Belarusdur. Onun pavilyonunun sahəsi 360 kvadratmetrə bərabərdir. Bu, EKSPO sərgisinin tarixində rekord göstəricidir.
Sərgi çərçivəsində maliyyə məsələlərindən başlamış elm və texnika problemlərinə qədər geniş əhatəli mövzuların müzakirəsi üçün nazirlər səviyyəsində 15 forum və digər xüsusi tədbirlər keçirilməsi planlaşdırılır. Məsələn, Çin ilə Avrasiya ölkələrinin sərhədlərinin kəsişdiyi məkanlarda sanitar-karantin tədbirlərinin həyata keçirilməsində əməkdaşlıq, Avrasiya ölkələrinin informasiya, sürətli yollar, nəqliyyat və kommunikasiya məsələlərinə dair forum, həmçinin işgüzar dairələrin “Böyük İpək Yolu” beynəlxalq logistika məsələlərinə həsr edilmiş forumu planlaşdırılır.