DÜNYA


Çin “Bir kəmər, bir yol” strategiyasının iştirakçıları ilə 130-dan çox sənəd imzalayıb

Pekin, 21 aprel, AZƏRTAC

Çin Xalq Respublikası (ÇXR) “Bir kəmər, bir yol” strategiyasının iştirakçısı olan ölkələr ilə nəqliyyat sahəsində çoxtərəfli və ikitərəfli formada 130-dan çox sənəd imzalayıb.

Çinin Nəqliyyat Nazirliyinin rəsmisi U Çunqen deyib ki, avtomobil, hava, su və dəmir yolunu, habelə poçt xidmətini əhatə edən bu sənədlər ÇXR sədri Si Cinpinin “Bir kəmər, bir yol” (İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu) təşəbbüsünü irəli sürdüyü 2013-cü ildən sonra imzalanıb. Nəqliyyat əlaqəsinin strategiyanın həyata keçirilməsi üçün təməl prioritet olduğunu bildirən U Çunqen əlavə edib ki, hazırda Çindən həmin strategiyanın iştirakçıları olan ölkələrə yük və sərnişin daşınması üçün 356 marşrut var. Bundan başqa, “Bir kəmər, bir yol” ölkələrinin əksəriyyəti ilə dəniz əlaqəsi yaradılıb, hər həftə 4200 uçuş həyata keçirilir, Avropa istiqamətində bir neçə dəmir yolu xətti vardır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu, mülki hava nəqliyyatına dair Saziş, nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdı.

Azərbaycan tərəfi müxtəlif səviyyəli görüşlərdə özünün nəqliyyat-tranzit imkanları ilə “Bir kəmər, bir yol” strategiyasının reallaşmasına dəstəyini ifadə edib. Bu il inşası başa çatacaq Bakı-Tbilisi-Qars xətti Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etməyə, bununla da yüklərin daha qısa müddətdə Avropaya və əks istiqamətdə çatdırılmasına imkan verəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.