SİYASƏT
Çin KİV-ləri Dünya Xəbər Agentliklərinin V Konqresini diqqətdə saxlayıb
Pekin, 18 noyabr, AZƏRTAC
Çin kütləvi informasiya vasitələri Bakıda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresini, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını diqqətdə saxlayır.
Ölkənin milli xəbər agentliyi olan Sinxua, rəsmi “Renmin Ribao” qəzeti, həmçinin populyar xəbər portalları Bakıda keçirilən sözügedən nüfuzlu tədbirlər, xüsusən də açılış mərasimi barədə bir neçə dəfə xəbərlər yayıblar.
Məlumatlarda Prezident İlham Əliyevin açılış mərasimində bu tədbirin Bakıda keçirilməsinin müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi olması barədə fikri xüsusi vurğulanıb.
Çin KİV-ləri yazır ki, 80 ölkədən 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən qonaqlar, o cümlədən media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər.
Xəbərlərdə, həmçinin AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Konqres və Baş Assambleya barədə fikirləri də yer alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin