DÜNYA
Çin Kommunist Partiyasının növbəti plenumu korrupsiya ilə mübarizəyə həsr olunub
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) qanunların aliliyinə həsr olunmuş plenumu işə başlayıb. Gündəliyə korrupsiya ilə mübarizə məsələsi çıxarılıb.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, ilk dəfədir MK plenumunun leytmotivini belə bir məsələ təşkil edir. Plenumun Çin Kommunist Partiyasına (ÇKP) dövlətin qanunun aliliyi baxımından idarəsinə hərtərəfli dəstək üçün əlavə impuls verəcəyi gözlənilir. Agentlik plenumun çağırılması barədə qərarın ÇKP MK Siyasi Bürosu daimi komitəsinin keçmiş üzvü Cjou Yunkanın korrupsiya üzrə istintaq işinin başlanması ilə eyni gündə açıqlandığını qeyd edir. Bundan belə bir nəticəyə gəlir ki, plenumda korrupsiya əleyhinə mübarizə tədbirləri əsas yer tutacaq.
Partiya və dövlət aparatının bütün sahələrini əhatə edən korrupsiya əleyhinə kampaniya 2012-2013-cü ildə başda ÇXR-nın sədri, Cin Kommunist Partiyası MK-nin baş katibi Si Çinpin olmaqla Çin rəhbərlərinin “beşinci nəslin”in hakimiyyətə gəlməsindən sonra başlayıb.
Kommunist partiyasının bəyanatında qeyd olunur ki, Çində inkişaf etmiş hüquq sisteminin yaradılmasının vacibliyi ölkədə çiçəklənən cəmiyyətin qurulmasına və milli oyanışa yönələn islahatların dərinləşməsi tələbindən irəli gəlir.
ÇKP MK-nın plenumu üç gün çəkəcək.