İQTİSADİYYAT


Çin Milli Neft Korporasiyası SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməkdə maraqlıdır

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Çin Milli Neft Korporasiyası (CNPC) SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməkdə maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə noyabrın 12-də şirkətin prezidenti Rövnəq Abdullayevin Bakıda səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.

Nümayəndə heyətində təmsil olunan Çin Milli Neft Korporasiyasının, bu ölkənin maliyyə institutlarının, bank və fondlarının, investisiya və sığorta şirkətlərinin nümayəndələri ilə görüşdə R.Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb. O, Çin şirkətləri və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə adlandıran SOCAR-ın prezidenti CNPC rəhbərliyi ilə Pekində və Bakıdakı son görüşləri xatırlayıb, çıxarılan qərarların əhəmiyyətini vurğulayıb.

CNPC şirkətinin idarə heyətinin üzvü Vang Şi Honq SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırıb, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib.

Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan Vang Şi Honq Azərbaycana bugünkü səfərin də bunun göstəricisi olduğunu bildirib. Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə maraqlı olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə xarici investisiyalar üçün əlverişli və təhlükəsiz mühit yaradıldığını qeyd edən R.Abdullayev deyib ki, Prezident İlham Əliyevin ötən il Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmalar uğurla həyata keçirilir. SOCAR-ın prezidenti CNPC ilə neft-qaz əməliyyatlarının bütöv bir spektri üzrə əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlərin olduğunu söyləyib.

Görüşdə iştirak edən Çin İnkişaf Bankı, Çin İdxal-ixrac Bankı, “İpək Yolu” Fondu, Çin-Avrasiya iqtisadi əməkdaşlıq şirkəti və başqa qurumların nümayəndələri bu ölkənin maliyyə dairələrində GPC layihəsinə göstərilən maraqdan söz açıb, bu layihənin iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacağına inamı ifadə ediblər.

R.Abdullayev nümayəndə heyəti üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirib, Çin iş adamlarının Azərbaycana səfərinin GPC layihəsi üzrə işlərin daha sürətlə irəliləməsi üçün əlavə stimul yaradacağına əmin olduğunu qeyd edib, layihə iştirakçılarına uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.