REGİONLAR


Çin Xalq Respublikasından ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd tingi ölkəmizə gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.

Prezidentin tapşırıqlarına uyğun olaraq artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Cari ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikamızda 70 tondan çox yaş barama məhsulu istehsal edilib.

Hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib.

Tut tinglərindən ibarət yüklər Heydər Əliyev Beynəlxalq Aeroportundan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Sonra bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqrotexniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki kömək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq videotövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət edilib.

Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 santımetr olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda, nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.