İQTİSADİYYAT
Çin Yeni İpək Yolunun həyata keçirilməsində ilk nəticələrini qeyd edir
Bakı, 24 iyun, AZƏRTAC
“Bir kəmər, bir yol” (İpək Yolu İqtisadi Kəməri və XXI əsrin Dəniz İpək Yolu) təşəbbüsünün həyata keçirilməsi ilk nəticələrini verir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu cür qiyməti Çinin Kommersiya Nazirliyi verib.
Kommersiya nazirinin köməkçisi Tun Daoçi Çinin Avrasiya ölkələri ilə ticari-iqtisadi əlaqələrinin inkişafını “son dərəcə sürətli” kimi səciyyələndirib.
Statistikaya görə, 2015-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi ölkələrə yatırılan Çin investisiyalarının həcmi 18,2 faiz artaraq 14,8 milyard ABŞ dollarına bərabər olub. İl ərzində imzalanmış podrat tikinti müqavilələrinin dəyəri 7,4 faiz artıb və 92,6 milyard dollar təşkil edib.
Çin və tərəfdaş ölkələr birlikdə altı iri iqtisadi dəhliz yaratmağı planlaşdırır. Onlardan biri Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Çindən Avropaya uzanan Transxəzər beynəlxalq nəqliyyat marşrutudur.
Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində imzalanıb.