DÜNYA
Çin Yerin peykini məskunlaşdırmaq üçün “Ay kəndi” laboratoriyasını hazırlayıb
Bakı, 11 may, AZƏRTAC
Çinin Milli Kosmik İdarəsi Yerin peykini məskunlaşdırmaq üçün hazırlanan 160 kvadratmetr sahəsi olan “Ay kəndi” laboratoriyasını təqdim edib. Bu laboratoriyada gələcək astronavtların uzun müddət Ayda yaşamaq qabiliyyətləri yoxlanılacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “Ay kəndi” kiçik şəhər mənzilini xatırladan bir neçə yaşayış otağından ibarətdir. Burada yataq, qonaq və hətta hamam otaqları da var. Dörd könüllü tələbədən ibarət iki qrup bir il müddətində burada yaşayacaq. Astronavtları qida ilə təmin etmək üçün bazada istixana və “mini-ferma” quraşdırılıb.
Çin yaxın 20 ildə Ayda analoji orbital baza yaratmaq niyyətindədir. Bu iddialı planı həyata keçirmək üçün Avropa Kosmik Agentliyi ilə danışıqlar aparılır. “Ay kəndi” müştərək Avropa-Çin layihəsi də ola bilər.
Qeyd edək ki, ilk çinli astronavt cəmi 10 il bundan əvvəl kosmosa uçub. Lakin ölkə öz kosmik proqramına maliyyə dəstəyini xeyli artıraraq itirilmiş vaxtın əvəzini çıxmaq və nəhəng kosmik dövlətə çevrilmək istəyir.