CƏMİYYƏT
Çin alimləri uşaq piylənməsi ilə mübarizənin yeni metodikasını hazırlayıblar
Bakı, 29 iyul, AZƏRTAC
Çində bir qrup alim uşaqlarda piylənməyə qarşı mübarizənin yeni metodikasını işləyib hazırlayıb.
Çinin Şanxay, Quançjou və Uxan şəhərlərinin aparıcı tibb mərkəzlərinin və laboratoriyaların əməkdaşlarından ibarət tədqiqatçılar qrupu hesab edir ki, uşaqlarda piylənmənin əsas səbəblərindən biri onlarda bağırsaq mikroflorası balansının pozulmasıdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, alimlər anadangəlmə çəki qüsuru ilə doğulan və normal çəkisi olan eksperiment iştirakçılarını iki qrupa bölüblər. Uşaqlara xüsusi pəhriz yeməkləri verilib. Onların yeməklərinə xüsusi bağırsaq bakteriyası əlavə edilib. Birinci qrup bir ay ərzində, ikinci qrup isə üç ay ərzində pəhrizə əməl ediblər.
Tədqiqatın nəticələrinə görə, hər iki qrupun iştirakçılarında ümumi sağlamlıq vəziyyətinin yaxşılaşması, iştahanın və çəkinin azalması müşahidə olunub. Alimlər bildiriblər ki, buna səbəb onlarda bağırsaq mikroflorası balansının bərpası olub. Mütəxəssislərin fikrincə, eksperimentin nəticələri gələcəkdə metabolizmin pozulmasında müalicə üsullarının işlənilməsi üçün tətbiq olunacaq.