ELM VƏ TƏHSİL


Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” adlı X beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqə “Çin dilini öyrən – bütün dünyada dostlar tap” devizi altında məktəblilər arasında keçirilir. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının (Xanban) qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil olunub. Müsabiqədə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər.

Tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov əsası ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Çin ilə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını vurğulayıb.

Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi Can Xaynin bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir. O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar və bu “dil körpüsü” vasitəsi ilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verməyi arzu edib.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.

Çin Milli Neft Korporasiyasının Azərbaycan filialının direktor müavini Din Tsinçun Azərbaycan ilə Çin arasında mədəni və iqtisadi əməkdaşlığın genişləndirilməsinin iki ölkə gəncliyinin qarşılıqlı anlaşmasının inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Qonaq müsabiqə qaliblərinin Çin dili sahəsində yüksək bacarıqlarını nümayiş etdirərək “Çin dili körpüsü” adlı beynəlxalq müsabiqənin Pekində keçiriləcək final mərhələsində Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu vurğulayıb.

Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. Belə ki, iştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çinin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər.

Məktəblilərin çıxışları ADU və Konfutsi İnstitutunun professorları və müəllimlərinin, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

Qeyd edək ki, müsabiqənin bütün iştirakçıları sertifikatlar əldə ediblər. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.