DÜNYA
Çin: dünyanın ən böyük hidrotəyyarəsi mayda ilk uçuşunu həyata keçirəcək
Bakı, 30 mart, AZƏRTAC
Çinin hazırladığı dünyanın ən iri hidrotəyyarəsi AG600 bu ilin may ayında ilk sınaq uçuşunu həyata keçirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə ilk olaraq yer üzərində, ilin ikinci yarısında isə su üzərində sınanacaq.
Çinin “Aviation Industry Corp of China” kompaniyasının yaratdığı AG600 hidrotəyyarəsi mülki aviasiyanın ehtiyacları üçün nəzərdə tutulur. O, meşə yanğınları və xilasetmə əməliyyatlarında istifadə üçün xüsusi şəkildə konstruksiya olunsa da, Çin ordusunda patrul əməliyyatlarını da həyata keçirə biləcək.
Təyyarənin maksimal uçuş kütləsi 53,5 tondur. Saatda 500 kilometr sürətlə uçan AG600 12 saat havada qala və 4,5 min kilometr məsafə qət edə bilir. 20 saniyə ərzində 12 ton su toplayan təyyarənin uzunluğu 36,9 metrdir. O eyni zamanda həm adi aerodromlara, həm də su səthinə enib qalxmağa qadirdir.
Sərnişin və yük modifikasiyalarının mövcud olduğu AG600 hazırda dünyanın ən böyük hidrotəyyarəsi sayılır.