DÜNYA
Çin hökuməti başçısının Riqaya tarixi səfəri
Riqa, 5 noyabr, AZƏRTAC
Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan Latviyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, Latviya Prezidenti Raymonds Veyonis, Baş nazir Maris Kuçinskis və Seymin sədri İnara Murnietse ilə görüşəcək. Bu, Çin hökuməti başçısının Latviyaya ilk səfəri olduğu üçün tarixi səfərdir. Səfər həm də rəmzi əhəmiyyət daşıyır, çünki bu il Latviya ilə Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər.
Son illər iqtisadi əməkdaşlığın intensivləşməsinə hər iki ölkə tərəfindən xeyli vəsait yatırılıb. Səfər müxtəlif sahələrdə Çin tərəfi ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə şərait yaradacaq. Danışıqlarda Çin yüklərinin Latviya limanları vasitəsilə daşınması, nəqliyyat və logistika sektorlarına investisiyaların cəlb olunması, habelə birbaşa aviareyslərin açılması sahəsində əməkdaşlığın davam etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Çinin 15 şəhərində Latviyanın viza mərkəzlərinin açılması bu il adıçəkilən sahələrin inkişafına güclü təkan verəcək.
Səfər çərçivəsində Mərkəzi və Şərqi Avropa dövlətləri ilə Çinin hökumət başçılarının “16+1” formatında müşavirəsi və biznes forum keçiriləcək. Müşavirədə 650-dən çox sahibkar, o cümlədən Çinin nəqliyyat, maliyyə, investisiya, ticarət və turizm sahələrinin təqribən 250 nümayəndəsi iştirak edəcək. Latviyanı 250-dək sahibkar təmsil edəcək. Bundan əlavə, iştirakçı dövlətlərin analitik mərkəzlərinin, habelə sinoloqların (çinşünasların) konfransları keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa