REGİONLAR
Çin idmançısı: Qəbələdə Dünya Kuboku yarışlarında idmançıların rahatlığı üçün hər cür şərait yaradılıb
Qəbələ, 9 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələdə Dünya Kuboku yarışlarında idmançıların rahatlığı üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, Qəbələ Stend və Ox Atıcılığı Kompleksi çox müasir və yüksək səviyyəli idman obyektidir. Məşq yerləri və yarış poliqonu əla vəziyyətdədir. Əminəm ki, gələcəkdə burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qızıl medalçısı Xinyi Penq deyib.
Qəbələdə müasir atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə apardıqlarını bildirən çinli idmançı qeyd edib ki, azərbaycanlı güllə atıcıları onlar üçün yaradılan yüksək şəraitə görə şanslıdırlar: “Azərbaycanlı gənclər mövcud şəraitdən bəhrələnərək gələcək yarışlarda yüksək nəticələr əldə edə bilərlər. Komandamız burada hələ ki, 3 medalla Dünya Kuboku yarışlarına liderlik edir. Buna görə çox sevinirəm. Bizim komanda bu yarışlara böyük heyətlə gəlib və ümid edirəm ki, uğurlarımızın davamı olacaq”.