İDMAN
Çin on gün ərzində futbol transferində üçüncü rekorda imza atıb
Bakı, 6 fevral, AZƏRTAC
Çin on gün ərzində futbol transferində üçüncü rekorda imza atıb.
AZƏRTAC “BBC”-yə istinadla xəbər verir ki, növbəti rekord “Çzyansu Saynti” klubunun Donetskin “Şaxtyor” komandasından yarımmüdafiəçi Aleks Teyşeri transfer etdikdən sonra qeydə alınıb. Çin tərəfi braziliyalının keçidi üçün 50 milyon avro xərcləyib. Bu həm də futbol aləmində 2016-cı ilin qış transfer bazarında ən bahalı keçid kimi dəyərləndirilib.
Hələ bir müddət əvvəl sözügedən klub “Çelsi”dən Ramiresi 28 milyona, digər Çin komandası “Quançjou Everqrand” isə Madridin “Atletiko” klubundan Cekson Martinesi 42 milyon avroya heyətə cəlb etməklə Asiya qitəsində rekorda imza atmışdı.
İstənilən halda, Çin klubları fevralın 26-da bağlanacaq qış transfer bazarına, ümumilikdə 259 milyon avro vəsait sərf edib. Halbuki, futbolun vətəni olan İngiltərə isə transfer bazarında 227 milyon avro xərcləməklə kifayətlənib.