DÜNYA
Çin resurslardan istifadə vergisi üzrə islahata başlayacaq
Bakı, 31 may, Ramiz Quliyev, AZƏRTAC
Çində iyul ayının 1-dən təbii resurslardan istifadə sahəsində aparılması nəzərdə tutulan islahat qüvvəyə minəcək.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, bu Çinin vergi sisteminin islahatı yolunda 2016-cı ildə atdığı daha bir addımdır.
Ölkənin Baş Dövlət Vergi İdarəsinin məlumatında göstərilir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində su vergisinin tutulması ilə bağlı eksperimentin tətbiqinə başlanılacaq. Bu vergi yeraltı və yerüstü su obyektlərindən suyun götürülməsinə tətbiq ediləcək.
Bununla yanaşı, daha çox su sərf edən sənaye sahələri və sudan müəyyənləşdirilmiş normadan artıq istifadə edən müəssisələr üçün tariflər də artırılacaq. Suyun normal məişət istifadəsi üçün vergi yükü isə əvvəlki səviyyədə saxlanılacaq. Əldə olunacaq nəticələrə əsaslanaraq, hökumət eksperimentin coğrafiyasını genişləndirməyi nəzərdə tutur.
Çində meşə resurslarından, örüşlərdən və qumluqlardan təsərrüfat məqsədilə istifadə də vergiyə cəlb olunacaq. Əgər layihə uğurla davam edərsə, yeni vergi növü bütün ölkə ərazisini əhatə edəcək.