ELM VƏ TƏHSİL
Çin universitetləri ilə təhsil və turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin “Shantszya” konsaltinq şirkətinin nümayəndəsi Vang Jian Xing ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, institutun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib. Vurğulanıb ki, son illər Çin ilə ADU arasında tələbə və müəllim mübadiləsi genişləndirilib, universitetin çinşünaslıq ixtisasının 10 tələbəsi Çinin Şenyan Pedaqoji Universitetini uğurla bitirib.
Vang Jian Xing diqqətə çatdırıb ki, Çində tələbə turizminin inkişafı istiqamətində tanınmış xarici müəssisələrdə təlim və təcrübə proqramları, dünyanın müxtəlif ölkələrində tematik mədəni proqramlar və gənclər üçün təhsil turları həyata keçirilir.
Görüşdə, həmçinin Çinin məşhur universitetləri ilə təhsil və turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.