İQTİSADİYYAT
Çin və Azərbaycan əməkdaşlıq sahələrini genişləndirəcək
Bakı, 22 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Çin və Azərbaycan ticarət, investisiyalar, energetika və nanotexnologiyalar sahələrində əməkdaşlıq edə bilər.
Bu fikirləri “Huawei” şirkətinin Asiyada ictimaiyyətlə əlaqələr üzrə regional direktoru Dun Aybo AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
O deyib: “Huawei” şirkətinin “Seeds for the Future” proqramı şirkətimizin təmsil edildiyi ölkələr üçün İKT sahəsində mütəxəssislər hazırlamaq məqsədilə 2008-ci ildən həyata keçirilir. Azərbaycanda biz artıq ikinci dəfədir azərbaycanlı tələbələrin inkişafı layihəsini reallaşdırırıq. Müsabiqənin nəticələrinə görə, münsiflər heyəti İKT sahəsində biliyi olan, Çin Xalq Respublikasına göndəriləcək 10 ən yaxşı tələbəni seçib. Düşünürəm ki, bu, onların şirkətimizlə, habelə Çinlə tanış olması üçün çox yaxşı imkandır. Bu il Çin mədəniyyətinin təbliği ölkəmizin prioritetidir. Bu səfər azərbaycanlı tələbələr üçün çox faydalı olacaq. Onlar “Huawei” şirkətinin uğur sirlərini öyrənmək şansı qazanıblar”.
Azərbaycanı çox mühüm ölkə kimi səciyyələndirən regional direktor deyib: “Xəzər dənizinin sahilində yerləşən ölkəniz çox mühüm strateji nöqtədədir. Azərbaycan Avropa və Asiyanın qovuşuğunda böyük əlaqələndirici rola malikdir. Bir neçə il əvvəl Azərbaycan qədim Böyük İpək Yolunu dirçəltməyə başlayıb. 2015-ci ildə Çin Xalq Respublikasının sədri Si Cinpin “Bir kəmər – bir yol” təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün mahiyyəti Çinin iştirakı ilə mövcud regional ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmlərini və strukturlarını möhkəmləndirmək yolu ilə beynəlxalq əməkdaşlığın yeni modelinin axtarışından, yaradılmasından, irəlilədilməsindən və inkişafından ibarətdir. Qədim İpək Yolunun davamına və inkişafına əsaslanan “Bir kəmər – bir yol” təşəbbüsü regional iqtisadi tərəfdaşlığın yeni mexanizmlərini hazırlamağa, cəlb edilmiş ölkələrin iqtisadi çiçəklənməsini stimullaşdırmağa, müxtəlif sivilizasiyalar arasında bütün sahələrdə mədəni mübadilələri və əlaqələri möhkəmləndirməyə, habelə sülhə və dayanıqlı inkişafa kömək etməyə çağırır”, - deyə Dun Aybo qeyd edib.
O hesab edir ki, bu layihələrin reallaşdırılması üçün iki ölkə arasında yaxşı imkan və çoxlu şanslar var. “Çin və Azərbaycan ticarət, investisiyalar, energetika və nanotexnologiyalar sahələrində böyük əməkdaşlıq perspektivlərinə malikdir”, - deyə Dun Aybo bildirib.