DÜNYA
Çin və Rusiya Yapon dənizində birgə hərbi təlimlər keçirəcək
Tokio, 31 iyul, AZƏRTAC
Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, gələn ay Çin və Rusiya Yapon dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.
Məlumatda qeyd edilir ki, Çin Müdafiə Nazirliyinin nümayəndəsi Yan Yuyçzyun təlimlərin avqustun 20-dən 28-dək keçiriləcəyini bildirib. O qeyd edib ki, hərbi-dəniz təlimlərində Çinin 8 hərbi gəmisi və 5 təyyarəsi iştirak edəcək. Rusiya isə təlimlərə hərbi gəmilər və sualtı qayıqlar göndərəcək.
Mütəxəssislərin rəyinə görə, Çin Rusiya ilə hərbi sahədə əməkdaşlığını bütün dünyaya nümayiş etdirmək istəyir. Onlar, həmçinin bildirirlər ki, bununla Çin dənizdə artan fəallığının qarşısını almaq məqsədilə Yaponiyanın və ABŞ-ın yüksələn ittifaqını məhdudlaşdırmaq niyyəti güdür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio