İQTİSADİYYAT
Çində Beynəlxalq Transxəzər Marşrutu üzrə konteyner daşımalarının inkişaf etdirilməsindən danışılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Marşrutu üzrə konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində Çində səfərdə olan QSC-nin sədri Cavid Qurbanovla Çin Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirilib.
Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən yenidənqurma işləri, 3 avqust 2015-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq Respublikası arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tranzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışıb.
Sonra Çin Dövlət Dəmir Yolları haqqında məlumat verilib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.