MƏDƏNİYYƏT
Çində İpək Yolu irsinə həsr edilmiş Gənclər forumuna start verilib
Bakı, 18 aprel, AZƏRTAC
Çində Böyük İpək Yolu irsinə həsr edilmiş Beynəlxalq Gənclər forumuna start verilib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, forum UNESCO və Çinin UNESCO məsələləri üzrə Milli Komissiyası tərəfindən təşkil edilib.
Forumda əfsanəvi ticarət yolunun keçdiyi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ermənistan və Gürcüstandan olan gənclərin nümayəndələri iştirak edirlər.
Forum iştirakçıları bir həftə ərzində Çanşa və Quançjou şəhərlərində İpək Yolunun mədəni irsinin qorunub saxlanmasında gənclərin rolunu müzakirə edəcəklər. Forum çərçivəsində bu sahədə xüsusi təhsil proqramları yaradılacaq və müvafiq təqaüdlər təsis ediləcək.
Bizim eranın ikinci əsrində salınmış Böyük İpək Yolu qədim dövrlərdə və orta əsrlərdə Şərqi Asiya və Aralıq dənizi ölkələrini birləşdirirdi. İpək yolu üzərindəki mühüm obyektlərin bir qismi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.