CƏMİYYƏT


Çində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII ali səviyyəli toplantısı keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Çin Xalq Respublikasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) XII ali səviyyəli toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, “Beynəlxalq münasibətlərdə Çinin rolu: “Bir kəmər-bir yol” təşəbbüsünün perspektivləri” mövzusunda keçirilən toplantıda beynəlxalq münasibətlərin gələcəyi, Çinin qlobal maliyyə sistemindəki rolu, qlobal idarəçiliyə və təhlükəsizliyə töhfəsi kimi məsələlər müzakirə olunub.

İclasda NGBM-nin həmsədrləri - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Çexiyanın sabiq Baş naziri Jan Fişer, Albaniyanın sabiq Prezidenti Recep Meydani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və başqaları iştirak ediblər.

Tədbirə, eyni zamanda, Çinin xarici ticarət və iqtisadi inkişaf naziri Gao Huçeng, Pekin Universitetinin Prezidenti Lin Jianhua, universitetin vitse-prezidenti Vanq Jie, dekanı Vanq Donq, Avropa Tədqiqatları İnstitutunun baş direktoru Huanq Pinq, Çin Xalqının Siyasi Məşvərət Komitəsinin üzvü, Tsinxua Universitetinin dekanı David Li və başqaları qatılıblar.

Ümumilikdə, toplantıda Çin Xalqının Siyasi Məşvərət Konfransı, Tsinxua Universiteti, Pekin Universiteti, Pekində yerləşən Sçvarzman Kolleci, Milli Müdafiə Universiteti, Asiya Sakit Okeanda Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Çin Milli Komitə Şurası, Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutu, Çin İdarəçilik Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Çin-ABŞ Münasibətləri üzrə İnstitut, Kornegi Asiya Proqramı, Beynəlxalq və Strateji Tədqiqatlar üzrə Çin Fondu, Çinin Milli İnkişaf və İslahat Komitəsi və digər qurumlar təmsil olunublar.

Ali səviyyəli toplantıda Albaniya Respublikasının Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç və Makedoniya Respublikasının Prezidenti George İvanovun tədbir iştirakçılarına müraciəti oxunub.

Forum çərçivəsində Çinin qloballaşan dünyada, dünya iqtisadi sistemində, qlobal təhlükəsizliyin təminatında, qlobal idarəetmədə iştirakına, “Bir kəmər-bir yol” strategiyasına həsr olunan panel müzakirələr aparılıb. İclasda çıxış edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Çinin dünyada sülh, davamlı inkişafa verdiyi töhfələrdən, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Albaniyanın sabiq Prezidenti Recep Meydani, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və Qırğızıstanın sabiq Baş naziri Djoomart Otorbaev “Bir kəmər-bir yol” layihəsinin perspektivlərindən, Çexiyanın sabiq Baş naziri Jan Fişer Çinin beynəlxalq maliyyə sistemi və qlobal iqtisadiyyatda artan rolundan bəhs ediblər.

İsmayıl Serageldin çıxışında terrorizm və münaqişələrin artdığı bir dövrdə Çin liderlərinin sülh və inkişafa nail olmaq üçün aktiv fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

“XX əsrdə inkişaf prosesləri fonunda insanlara, planetə və sülhə münasibətdə yeni inkişaf paradiqmasına ehtiyac var. Bu paradiqma hərtərəfli və davamlı olmalıdır. Bu sahədə Çinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edə bilər”, - deyə BMT baş katibinin sabiq köməkçisi Noeleen Heyzer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.