DÜNYA
Çində “Volkswagen” avtomobillərinin satışı artıb
Pekin, 16 mart, AZƏRTAC
Alman konserni “Volkswagen”in avtomobil modellərinin Çində satışı ötən il 12,2 faiz artaraq 3,98 milyon ədədə çatıb. Bura həm xaricdən idxal edilmiş avtomobillər, həm də “Volkswagen” Çindəki iki müştərək müəssisəsində (“SAIC Motor” və “China FAW Group”) istehsal olunan nəqliyyat vasitələri daxildir.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, ötən il Çində 3 milyona yaxın “Volkswagen” modeli, 591,6 min “Audi”i, 317,1 min “Skoda” və 65,2 min “Porsche” modeli üzrə avtomobil satılıb.
“Volkswagen China”nın icraçı direktoru Yoxem Heyzman bildirib ki, şirkət Çində elektrik mühərriki ilə işləyən modellərinin satışını da artırmağı düşünür. Belə ki, 2020-ci ildə bu rəqəmi 400 minə, 2025-ci ildə isə 1,5 milyon ədədə çatdırmaq planı var.
Qeyd edək ki, ötən il “Volkswagen” konserninə daxil olan avtomobil modellərinin dünya üzrə satışı rekord həddə - 10,3 milyon ədədə çatıb. Şirkətin müxtəlif ölkələrdəki 120 fabrikində 610 mindən çox işçisi var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin