QAN YADDAŞI
Çində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır VİDEO
Pekin, 25 fevral (AZƏRTAC). Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
ÇXR-də yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışan Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Səfir demişdir ki, Xocalıda törədilmiş vəhşiliklər təkcə bir xalqa qarşı yönəlmiş cinayət deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı olan bir qəddarlıq idi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Elə bu siyasətin nəticəsidir ki, bir neçə ölkə və beynəlxalq təşkilat Xocalı hadisələrini soyqırımı aktı kimi tanımışdır.
Səfir Lətif Qəndilov Çin ictimaiyyətinin Xocalı hadisələri barədə məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində iki il əvvəl fəaliyyətə başlamış www.huojiali.com saytının səmərəli fəaliyyətini də qeyd etmişdir. Bu istiqamətdə Çində yaşayan və təhsil alan azərbaycanlıların daha fəal olmalarının əhəmiyyəti vurğulanmışdır.
Tədbirdə Qarabağ hadisələrinin şahidləri olanlar erməni millətçilərinin törətdikləri qırğınlar barədə danışmışlar. Qeyd olunmuşdur ki, heç bir cinayət cəzasız qalmadığı kimi, xalqımıza qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan rəhbərliyi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün məqsədyönlü siyasət aparır, sülh danışıqlarına sadiq olan ölkəmiz ordu quruculuğuna, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsinə böyük diqqət göstərir.
Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin