DÜNYA


Çində Yaz festivalı qeyd edilir VİDEO

A+ A

Pekin, 28 yanvar, AZƏRTAC

Şərq ölkələrinin ay təqvimi ilə yanvarın 28-i yeni ilin ilk günüdür. Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də Yaz festivalı adlanır.

Şərq təqviminə uyğun olaraq bu il xoruz ilidir. Xoruz zəhmətkeşlik rəmzi sayıldığı üçün çinlilər bu ilin müsbət hadisələrlə yadda qalacağına inanırlar.

Çinlilərin ən əziz bayramı olan Yaz festivalı bir çox ənənələri və ritualları ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən tədarük görür, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fanarlarla bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə, bayram süfrəsində boş yer olmamalıdır. Çinlilərin sadiq qaldığı bir neçə adət var. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir. Festival günlərində müxtəlif mərasimlər, şənliklər təşkil olunur.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə 1 həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.