DÜNYA
Çində dünyanın ən böyük çətiri hazırlanıb
Bakı, 5 avqust, Sevda Cəfərova, AZƏRTAC
Çinin Nançan şəhərinin çətir istehsalı üzrə şirkəti dünyanın ən böyük çətirini yaratmaqla “Ginnesin Rekordlar Kitabı”na daxil olub.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, çətirin hazırlanmasına yarım il, prosesə isə 700 min yuan (113 min dollar) sərf edilib. Aksessuarın diametri 23 metr, hündürlüyü 14,4 metr təşkil edir. Bu rekord “Ginnesin Rekordlar Kitabı”nın nümayəndəsi tərəfindən qeydə alınıb. Nəşr nümayəndəsinin sözlərinə görə, çətirin çəkisi 5,7 ton, günbəzinin dairəsinin ölçüsü 418 kvadratmetrdir.
Əvvəlki dünya rekordu 2010-cu ildə Hindistanda qeydə alınıb. Nəhəng çətirin eni 17,06 metr, hündürlüyü 10,97 metrdir. Çəkisi 2,2 ton olan eksponat Pun şəhərində "Ishanya Mall” ticarət mərkəzində təqdim olunub.
Həmin il Hindistanda Ümumdünya Əlillər Günü münasibətilə ən böyük əlil əl ağacı da yaradılıb. Bambukdan düzəldilən məmulatın ölçüsünün hündürlüyü 7,92 metr olub. Onun ərsəyə gəlməsinə bir həftə vaxt sərf olunub.