DÜNYA
Çində havanın çirklənməsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub VİDEO
Pekin, 16 dekabr, AZƏRTAC
Çinin şimal hissəsində havanın çirklənməsi ilə əlaqədar olaraq Pekin, qonşu Tiencin və digər 21 şəhərdə ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.
Paytaxtda dekabrın 21-dək davam edəcək xəbərdarlıq ilə bağlı uşaq bağçaları və orta məktəblərin tətilə çıxması tövsiyə olunub. Bundan başqa, inşaat sahələrində və bəzi sənaye müəssisələrində iş dayandırılıb. Şəhərdə avtomobillərin hərəkətinə dövlət qeydiyyat nişanlarının son rəqəmlərinin tək və cüt olmasına əsaslanan məhdudiyyət qoyulub. Pekin hökuməti paytaxt sakinlərinə vacib olmadığı təqdirdə küçəyə çıxmamağı və otaqların pəncərələrini bağlı saxlamağı tövsiyə edib.
Çində çirkli dumanın müşahidə edildiyi günlərdə atmosfer havasındakı zərərli maddələrin miqdarı Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi normadan 10-20 dəfə çox olur. Mütəxəssislər hesab edirlər ki, xüsusən qış aylarında tez-tez müşahidə olunan hava çirkliliyinin əsas səbəbi istilik təchizatı sistemində və ağır sənaye müəssisələrində daş kömürdən istifadə olunması, habelə avtomobillərin atmosferə buraxdığı zərərli tullantılardır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin