ELM VƏ TƏHSİL
Çində ilk dəfə Azərbaycan dilinin tədrisinə başlanılıb VİDEO
Pekin, 3 mart, AZƏRTAC
Çində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinə başlanılıb. Bu semestrdən başlayaraq 76 dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə mütəxəssislər hazırlanacaq. Bu münasibətlə universitetdə keçirilən tədbirdə qeyd olunub ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin bir neçə il əvvəl qədim İpək yolu üzərində yerləşən ölkələr ilə əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsini nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürüb. Həmin təşəbbüs çərçivəsində ölkənin müxtəlif qurumlarına İpək yolu dövlətləri ilə əlaqələrin daha da dərinləşməsi istiqamətində əməli işlər görülməsi barədə tapşırıq verilib. Çin Təhsil Nazirliyinin qərarı ilə Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinin təşkili də bu istiqamətdə atılan addımdır.
Universitetin prorektoru Cia Vencian deyib ki, Çində Azərbaycan dilinin tədrisi və bununla da Azərbaycan dili üzrə kadrların hazırlanması iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcək. Azərbaycan dilinin tədrisi həm də qədim mədəniyyət beşiyi olan Azərbaycanı daha yaxından tanımağa imkan verəcək.
Azərbaycanın Çindəki səfirliyinin müvəqqəti işlər vəkili Mətin Mirzə Çində Azərbaycan dilinin tədrisinə başlanmasının iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərindən sonra iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlandığını deyib.
M.Mirzə Azərbaycan tərəfinin Pekin Xarici Dillər Universitetinə Azərbaycan dilinin tədrisi ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib, səfirlik adından ali təhsil ocağının kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib.
Çin Millətlər Universitetinin professoru Xu Cenxua iki xalq arasında dostluğun qədim tarixi olduğunu, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində Çin mövzusuna toxunulduğunu diqqətə çatdırıb. O, İkinci Dünya müharibəsi zamanı Azərbaycan oğullarının sovet ordusunun tərkibində Çinin azadlıq mübarizəsinə verdikləri dəstəyi yada salaraq, müasir dövrdə dostluq münasibətlərinin daha da inkişafı istiqamətində atılan addımların hər iki xalq üçün faydalı olacağını deyib.
PXDU-nun Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bu semestr universitetin 22 tələbəsinin ikinci dil olaraq Azərbaycan dilini seçdiyini diqqətə çatdırıb. Plana əsasən 2020-2021-ci tədris ilində Azərbaycan dili ixtisası üzrə bakalavr pilləsinə tələbə qəbulu həyata keçiriləcək. Bu məqsədlə müvafiq maddi-texniki və tədris bazası yaradılacaq. Buraya dərsliklər, lüğətlər, metodiki vəsaitlərin hazırlanması, habelə Azərbaycandakı müvafiq universitetlər ilə elm, təhsil, müəllim mübadiləsi daxildir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin