DÜNYA
Çində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 42-yə çatıb
Pekin, 21 iyul, AZƏRTAC
Çində iki gündür davam edən şiddətli yağışlar nəticəsində ölənlərin sayın 42-yə çatıb, 74 nəfər itkin hesab olunur.
Aramsız yağışlar daha çox Xebey və Xınan vilayətlərində böyük fəsadlar törədib. Belə ki, Xebeydə 30 nəfərin öldüyü, 68 nəfərin itkin düşdüyü bildirilir. Vilayətdə 47 mindən çox fərdi ev dağılıb, 354 min hektar əkin sahəsi yararsız hala düşüb, 163 mindən çox sakin öz evlərini tərk etməyə məcbur olub. Ümumi maddi zərər 711 milyon ABŞ dollar dəyərində qiymətləndirilir.
Qonşu Xınan vilayətində isə 12 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü təsdiq olunub. Vilayətdə 105 min sakin təxliyə edilib, 2110 ev uçub, 20 min hektardan çox əkin sahəsini su basıb. Anyan şəhərində 2 su bəndi dağılıb. Hazırda mülki müdafiə qüvvələri və əsgərlər dağılmış bəndləri bərpa etməyə çalışır. Vilayətə 71 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin