MƏDƏNİYYƏT


Çində təşkil olunmuş beynəlxalq tədbirdə ölkəmizi Bakı Musiqi Akademiyası təmsil edib

Bakı, 12 may, AZƏRTAC

Çinin paytaxtında yerləşən Mərkəzi Musiqi Konservatoriyası tərəfindən təşkil olunmuş “İpək yolu üzərində yerləşən ölkələrin musiqi təhsili üzrə” vahid bölgə, vahid yol” adlı musiqi təhsili barəsində tədbir keçirilib.

Tədbirdə ölkəmizi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) təmsil edib. Belə ki, qədim İpək yolu üzərində yerləşən ölkələr arasında musiqi təhsili müəssisələrinin əməkdaşlığının inkişafı, əlaqələrin daha da dərinləşdirilməsi, ümumi məsələlərin dəqiqləşdirilməsi üçün belə platformanın təşkili məqsədilə yaradılan Alyansın təsis yığıncağı çərçivəsində Çinin 10-dan çox konservatoriyası və 13 ölkənin musiqi təhsili ocaqlarının rəhbərlərinin iştirakı ilə baş tutan beynəlxalq tədbirdə sözügedən ölkələr arasında önəmli “vahid bölgə, vahid yol – musiqi təhsili ittifaqı haqqında sazişi” adlı memorandum imzalanıb.

BMA-dan AZƏRTAC-a bildirilib ki, memorandumda əsasən bu ölkələr arasında mədəni əlaqələrin yaranması, qarşılıqlı mübadilələr, birgə yeni layihələr, konsertlərin keçirilməsi və yeni əməkdaşlıqları qurulması nəzərdə tutur.

Memorandumun imzalanmasından sonra keçirilən konfransda müvafiq ölkələrin musiqi təhsilinin vəziyyəti, habelə musiqi tarixi haqda məruzələr dinlənilib. Konfransda Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova “İnteqrasiya – Azərbaycanda professional musiqi təhsili tarixinin inkişaf prinsipləri kimi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Azərbaycanın Çindəki səfirliyinin dəstəyi və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 94 illiyinə və Çin - Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunmuş Azərbaycan musiqiçiləri tərəfindən konsert proqramı təqdim edilib.

Konsertdə Xalq Artisti Yeganə Axundova, Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Elşən Mansurov (kamança) və Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynov tərəfindən xalq və bəstəkar mahnıları ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.