SİYASƏT
Çində yaşayan vətəndaşlarımız İlham Əliyevin Azərbaycana növbəti 5 ildə də rəhbərlik edəcəyinə sevinirlər
Pekin, 10 oktyabr (AZƏRTAC). Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərində İlham Əliyevin ilkin nəticələrə görə 84 faizdən çox səs toplayaraq inamla qələbə qazanması bütün dünyadakı azərbaycanlılar kimi Çində yaşayan soydaşlarımızın da sevincinə səbəb olmuşdur. Bu ölkədə yaşayan vətəndaşlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti 5 ildə də sürətlə inkişaf edəcəyinə, müxtəlif sahələrdə yeni-yeni uğurlar qazanacağına, dünyada nüfuzunun daha da möhkəmlənəcəyinə inanırlar.
Qeyd edək ki, Çində yaşayan vətəndaşlarımız səsvermədə yüksək fəallıq göstərmişlər. Azərbaycanın Pekindəki səfirliyində yaradılmış məntəqə üzrə adları seçici siyahısında olan 280 seçicidən 267-si (95 faiz) səsvermədə iştirak etmişdir. Məntəqə seçki komissiyasından bildirmişlər ki, seçicilərin 262-si İlham Əliyevin, 1-i Cəmil Həsənlinin, 1-i isə Fərəc Quliyevin lehinə səs vermiş, 3 bülleten etibarsız hesab edilmişdir.
Bu məntəqədə Çində yaşayan Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Koreya Respublikası, Malayziya və Vyetnamdakı səfirliklərimizin bir sıra əməkdaşları da səs vermişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin