DÜNYA
Çində zəlzələ: ölənlərin sayı artır VİDEO
Bakı, 4 avqust (AZƏRTAC). Bazar günü Çinin cənub-şərqində yerləşən Yunnan əyalətində baş verən zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 380 nəfərə yaxın insan həlak olub, 1800 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Zəlzələ rayonunda rabitə və elektrik enerjisi kəsilib. 12 minədək tikinti dağılıb, 30 mini zədələnib.
Hazırda axtarış və xilasetmə əməliyyatlarına 10 min hərbçi, yanğınsöndürən və polis cəlb olunub. Təkrarlanan təkanlar axtarış işlərini çətinləşdirir. ABŞ və NATO təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Çİnə kömək etməyə hazır olduqlarını bildiriblər.
Maqnitudası 6,5 bal olan zəlzələnin episentri Çiyaotun şəhərində 23 kilometr aralıda yerləşir. Çin seysmoloqlarının məlumatına görə, bu, Yunnan əyalətində son 14 ildə qeydə alınan ən güclü zəlzələdir. 2008-ci ildə qonşu Siçuan əyalətində baş verən 7,9 bal gücündə zəlzələ zamanı 70 min nəfər həlak olmuşdu.