İQTİSADİYYAT
Çindən Azərbaycana müxtəlif təyinatlı 163 sanitar-kommunal nəqliyyat vasitəsi gətirilmişdir
Bakı, 30 avqust (AZƏRTAC). Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Çin Xalq Respublikasının Hökuməti tərəfindən ayrılmış texniki yardımlar hesabına Azərbaycana müxtəlif təyinatlı 163 sanitar-kommunal nəqliyyat vasitəsi gətirilmişdir. Sanitar-kommunal nəqliyyat vasitələri Çinin Şanxay şəhərindən xüsusi gəmilərlə Gürcüstanın Poti limanına çatdırılmış, qatarla “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə yük həyətinə gətirilərək Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Nəqliyyat vasitələri Keşlə gömrük postunun əməkdaşlarının nəzarəti altında bu əraziyə boşaldılmışdır.
Nazirlər Kabinetinin və aidiyyatı dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə Keşlə yük həyətində avtomobillərin təqdimatı keçirilmişdir. Qeyd olunmuşdur ki, respublikamızda bir sıra sahələrlə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi istiqamətində də bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Görülən tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 24,5 milyon ABŞ dolları dəyərində olan texniki yardım sazişləri çərçivəsində sanitar-kommunal nəqliyyat vasitələrinin alınmasıdır. Əldə olunan razılığa əsasən, texniki yardım çərçivəsində 8 milyon ABŞ dolları dəyərində 130 bərk məişət tullantıları daşıyan, 20 çirkab suları çəkən və 13 su daşıyan nəqliyyat vasitələri artıq ölkəmizə gətirilmişdir. Azərbaycan tərəfinin sifariş etdiyi sanitar-kommunal nəqliyyat vasitələrinin əsas hissəsinin istehsalını “JAC Motors” şirkəti həyata keçirmişdir.
Nazirlər Kabineti Aparatının beynəlxalq kredit və yardımlar üzrə şöbəsinin müdiri Nail Fətəliyev AZƏRTAC-a bildirmişdir ki, sanitar-kommunal nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsi dövlətimizin başçısının rəhbərliyi ilə respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir. Paytaxtda və bölgələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə texnikalar Nazirlər Kabinetinin sərəncamına əsasən bölüşdürülmüşdür və respublikamızın müvafiq şəhər və rayonlarına yola salınacaqdır.
Həmçinin nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsi Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir və bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə çıxış edənlər ölkəmizdə ekoloji sahəyə göstərilən diqqəti yüksək qiymətləndirmiş, yeni texnikalardan səmərəli istifadə olunacağına əminliklərini bildirmişlər.
Ölkəmizə gələn çinli mütəxəssislər sanitar-kommunal nəqliyyat vasitələrinin yoxlanışını həyata keçirərək, yerli sürücülərə avtomaşınların idarə olunması qaydaları və onların texniki göstəriciləri barədə ətraflı məlumat vermişlər.
Sonra Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Çinin ölkəmizdəki səfirliyinin əməkdaşlarının iştirakı ilə sanitar-kommunal nəqliyyat vasitələrinin dövlət nömrə nişanları Naxçıvan da daxil olmaqla, respublikanın müxtəlif bölgələrindən gələn nümayəndələrə təqdim olunmuşdur.
Daha sonra avtomobillər bölgələrə yola salınmışdır.
Bərk məişət tullantılarının yığılması məqsədilə Çin tərəfindən ölkəmizə 30 konteyner də təqdim edilmişdir. Lakin, bu miqdarda konteynerin yığılan məişət tullantılarını daşımaq üçün kifayət etməyəcəyini nəzərə alaraq, Nazirlər Kabinetinin sərəncamına əsasən konteynerlərin istehsal olunması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan əlavə vəsait ayrılmışdır. Bu məqsədlə “Bakı Universal Maşınqayırma” MMC tərəfindən əlavə konteynerlərin istehsalı təşkil olunmuşdur.
İlin sonunadək daha 6 min 910 konteyner hazırlanaraq rayonlara veriləcəkdir. Bununla da, bütün şəhər və rayon mərkəzləri lazımi sayda konteynerlə təmin olunacaqdır. Bu, eyni zamanda, daxili istehsalın imkanlarından istifadəyə və 40 nəfərlik əlavə iş yerinin yaradılmasına da səbəb olmuşdur.