ELM VƏ TƏHSİL
Çingiz Abdullayev tələbələrlə görüşüb
Bakı, 10 mart, AZƏRTAC
Bakı Mühəndislik Universitetində Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yeni yaradılan təhsil müəssisəsi və onun inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, görüşün məqsədi gənclərin bədii ədəbiyyata maraqlarının artırılması və onlarda mütaliə vərdişlərinin aşılanmasıdır.
Ç.Abdullayev həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd edib. Yazıçı ölkəmizdə kitab mağazalarının sayının artmasını arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdəki xüsusi yerindən söz açan Ç.Abdullayev bu qurumun fəaliyyəti barədə tələbələrə məlumat verib. Bildirilib ki, yazıçı beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq oxucunun ruhunu oxşamalı, onun mənəvi tələbatını ödəməlidir. Ən əsası isə yazıçı dünya miqyasında qəbul olunmalı və oxucu kütləsi qazanmalıdır. Vurğulanıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür.
Xalq Yazıçısı tələbələrə tövsiyələrini verib, sualları cavablandırıb.