İDMAN
Çingiz Hüseynzadə: Avropa Gənclərinin Olimpiya Festivalında gənclərimiz onlara göstərilən etimadı doğruldacaqlar
Tbilisi, 27 iyul, AZƏRTAC
Dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində ölkəmizdə idman və Olimpiya hərəkatı inkişaf edir. Artıq bütün dünya Azərbaycanı güclü idman ölkəsi kimi tanıyır. Tbilisidə, eləcə də digər ölkələrdə keçirdiyimiz görüşlərdə beynəlxalq idman qurumlarının rəhbərləri də bunu etiraf edirlər. Onlar bir ay əvvəl ilk Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsini və ölkəmizin bu Oyunlarla yeni standartlar müəyyən etdiyini vurğulayırlar. İnanırıq ki, “Tbilisi-2015” Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edən gənclərimiz də onlara göstərilən etimadı doğruldacaqlar.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Ç.Hüseynzadə bildirib ki, bir ay əvvəl Azərbaycanda “Bakı-2015” ilk Avropa Oyunları keçirilib. Biz həmin tədbirə ciddi hazırlaşdığımız üçün yeniyetmə idmançılarımızın Olimpiya festivalına hazırlığına kifayət qədər diqqət ayıra bilməmişik. Bununla belə, gənc idmançılarımızın qüvvə və bacarıqlarına inanırıq.
“Tbilisi-2015” 13-cü Avropa Gənclərlərinin Olimpiya Festivalı Azərbaycanın yeniyetmə idmançıları üçün yeni imkanlar açır. Gənclərimiz belə mötəbər yarışlarda iştirak etməklə həm də kifayət qədər təcrübə qazanırlar. Bu gün tennis yarışmasında 14 yaşlı idmançımız özündən 3-4 yaş böyük idmançılarla qarşılaşıb. Gərgin keçən oyun idmançılarımızın necə böyük əzmlə mübarizə apardıqlarını bir daha sübut etdi”, - deyə Ç.Hüseynzadə vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi