İDMAN


Çingiz Hüseynzadə: Azərbaycanın Tokio Olimpiadasında komanda idman növlərində təmsil olunma şansı yüksəkdir VİDEO

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Olimpiya hərəkatı təkcə Olimpiya Oyunlarından ibarət deyil. Bu, çox böyük məfhumdur və dünyada sülhü, ədalətli mübarizəni əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının yekunlarına və “Olimpiya gündəliyi-2020” tövsiyələr kitabına dair mətbuat konfransında qurumun vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Olimpiya hərəkatının ölkəmizdə inkişafda olduğunu diqqətə çatdıran vitse-prezident deyib: “Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində baş verən yeniliklər Milli Olimpiya komitələrindən yan keçə bilməz. BOK-un qəbul etdiyi “Olimpiya gündəliyi-2020” proqramına əsasən, brendlərdən istifadə qaydalarına xüsusi diqqət yetirilib. Bunun üçün Milli Olimpiya komitələrində marketinq departamentinin yaradılması məqsədəuyğun sayılıb. Azərbaycan Milli Olimpiya Komitəsində də həmin departament artıq fəaliyyətə başlayıb. Beynəlxalq qurum brenddən istifadə qaydalarının bir qismini yerli komitələrə həvalə edib”.

Çingiz Hüseynzadə bildirib ki, proqramda yer alan əsas müddəalardan biri də “təmiz idman”dır. Bu müddəaya əsasən, Olimpiya Oyunlarında dopinqdən istifadə etməyən idmançıların iştirakı bir daha önə çəkilir. “Olimpiya gündəliyi-2020”də yer alan əsas mövzulardan birinin də “İdman və ekologiya” olduğunu diqqətə çatdıran vitse-prezident bu istiqamətdə ölkəmizdə görülən işləri yüksək qiymətləndirib. MOK-un rəsmisi deyib: “Bu sahədə görülən ən uğurlu addım Bakı Olimpiya Stadionunun və Bakı Su İdmanı Sarayının inşasıdır. Əvvəllər həmin ərazi ekoloji cəhətdən yararsız vəziyyətdə idi. Ancaq indi idmansevərlər oraya rahatlıqla gəlib istirahət edə bilirlər”.

Proqramda gender probleminə də xüsusi diqqət yetirildiyini vurğulayan Çingiz Hüseynzadə bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm irəliləyişlər var. Azərbaycanda bəzi idman federasiyalarına qadınlar rəhbərlik edirlər. Həmçinin qadınlar idman qurumlarında yüksək vəzifələrdə yer alıblar. MOK-un İcraiyyə Komitəsinin üzvlərindən dördü qadındır. MOK daim federasiyalara qadınların rəhbər işlərə cəlb olunmasını tövsiyə edir.

Gündəliyin təkcə idmanla bağlı olmadığını diqqətə çatdıran vitse-prezident Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə sıx əməkdaşlıq etdiklərini bildirərək deyib: “Təhsil Nazirliyi ilə birgə gələn ildən orta təhsil məktəblərində Olimpiya klublarının yaradılması planlaşdırılır. Şagirdlər klublara könüllü yazılacaqlar. Klublarda Olimpiya simvolları yerləşdiriləcək və Milli Olimpiya Komitəsi tərəfindən xüsusi proqram hazırlanacaq. Məktəblilər burada Olimpiya ideyalarını öyrənəcək və irimiqyaslı yarış barədə ətraflı məlumat əldə edəcəklər. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə birinci Avropa Oyunları zamanı idman filmləri festivalı təşkil olunmuşdu ki, bu da paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdı”.

Çingiz Hüseynzadə Olimpiya Oyunlarında komanda növlərində yığmalarımızın çıxışının mümkünlüyünü diqqətə çatdırarkən deyib: “Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı bizi çox sevindirir. Hazırkı nəticəni gözlənilməz sayıram. “Qarabağ” və “Qəbələ” klubları ardıcıl olaraq, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparırlar. Azərbaycanın ilk dəfə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında komanda növlərində təmsil olunma şansı böyükdür. Bu istiqamətdə qadınlardan ibarət voleybol komandamızı şanslı hesab edirəm”.

Tədbirdə “Rio-2016” Yay Olimpiya Oyunlarından və idmançılarımızın həmin yarışdakı çıxışından bəhs edən videoçarx nümayiş olunub.

Sonra MOK-un nəşriyyat informasiya idarəsinin rəisi Cəmaləddin Rəhimov və marketinq departamentinin direktoru Mehman Kərimov “Olimpiya gündəliyi-2020”, həmçinin “20+20” tövsiyələr toplusunda Olimpiya hərəkatında gender bərabərliyi, Olimpiya təhsili, dayanıqlı inkişaf və marketinqə dair təqdimatla çıxış ediblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.